OXU
Quran açıqlaması
Nəriman Qasımoğlu
Bu tərcümə variantında mətnin dili baxımından yenilik ondan ibarətdir ki, müəllif bədii tərcümə üslubu ilə mümkün qədər sözbəsöz tərcümə variantının sintezinə səy göstərib. Həm də ona çalışıb ki, oxucu müəllifin subyektiv mövqeyilə üz-üzə qalmasın, öz dərrakəsi çərçivəsində ilahi informasiyadan aldığı qənaətlərini bir çox hallarda özü müəyyənləşdirmək imkanı qazansın, təfəkkürünü inkişaf etdirsin və bu işdə müəllif əməyi ona sadəcə çılpaq və oxunaqlı bir informasiya kimi kara gəlsin, Tanrı-insan münasibətlərində vasitəçisizlik – dinimizin bu başlıca prinsipi təmin edilsin.
Əsərin teoloji məziyyətləri haqqında. Ayələrdə ifadə olunan mətləblər statik, dəyişməz deyil, ilahi həqiqətlərin dəyişməzliyi fonunda yeni hikmətlər açır, yeni sözlər deyir. Məsələn, 84-cü surənin 19-cu ayəsinin hərfi tərcüməsi “siz nimçədən nimçəyə mütləq minəcəksiniz”, yaxud “siz təbəqədən təbəqəyə mütləq minəcəksiniz” kimi bir öncəgörməni ortaya qoyur. Ənənəvi tərcümələrdə bu, “siz haldan hala mütləq düşəcəksiniz” kimi verilir və əlavə olaraq da mötərizədə izah olunur ki, “ölüb diriləcəksiniz”. Halbuki hərfi tərcümə indilikdə daha münasibdir, çünki elmi təxəyyülə təkan verən bir məzmundadır və mətnin kənardan əlavəsiz-filansız olaraq bilavasitə özündən gəlir, həmin ifadə göy cisimlərinə verilən andlar fonunda təqdim edilir. Yeni tərcümə variantında bu qəbildən xeyli nümunələr var.
Yeniliklərdən biri Quran-da təkrar-təkrar səslənən və ənənəvi olaraq "ərəbcə" kimi qəbul edilən sözün məna potensialından istifadə etməklə müəllifin ərəbcənin qrammatikasına uyğun üzə çıxardığı fərqli anlamlardan ibarətdir.
Əsərdə ifadəsini tapan maraqlı teoloji tapıntılar Quran tərcüməsi tarixində ilk dəfə bu kitabda əksini tapır və unikal məzmunda olaraq Quran məntiqinə, orijinaldakı sözlərin bilavasitə mənalarına tam uyğundur. Və bunların əksəriyyəti, həqiqətən, inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyət daşıyır, dünyanın heç bir dilində olan tərcümələrdə ifadə olunmayıb.